Dayan! Düşün... yaşa !

 

Bəzən insan xoşbəxt olur və bunun həmişə belə qalacağını düşünür. Həmin anı yaşamır. Və zaman keçir. Artıq o anı heç vaxt geriyə qaytara bilməyəcəyini dərk edir. Düşünür ki, kaş həmin ana qayıdardım və o anı bir daha, doya-doya yaşayardım. Amma artıq gecdir. Çox gec…

Dzen fəlsəfəsində (budda məktəbi) bir insanla onun atı haqqında hekayə var. At dörd nala qaçır və onun üzərindəki insan vacib bir yerə gedirmiş kimi görünür. Yolun kənarında dayanan bir nəfər qışqırır: “Hara gedirsən?” və atın üzərindəki adam cavab verir: “Bilmirəm! Atdan soruş!”

Bu eyni zamanda bizim hekayəmizdir. Ata minirik, hara getdiyimizi bilmirik və dayana da bilmirik. Hər zaman tələsirik çünki bu vərdişə çevrilib. Hər zaman mübarizə aparırıq, yuxumuzda belə. Öz içimizdə özümüzlə savaşırıq və başqaları ilə də asanlıqla savaşa bilərik.

Bir fincan çay içirik, lakin çay içdiyimizin fərqində belə deyilik. Sevdiyimiz insanla otururuq, lakin onun qarşımızda olduğunu belə hiss etmirik.

Gəzirik amma həqiqətən gəzmirik. Keçmiş və ya gələcəyi düşündüyümüzdən başqa yerlərdəyik. At bizi daşıyır və biz onun əsiriyik.

Gəlin atı dayandıraq və azadlığımızı tələb edək. Ancaq bu zaman diqqətin işığı etdiyimiz hər şeyi aydınladarsa unutqanlığın qaranlığı ortadan qalxar...

Yorumlar