Dəyərli kitablardan biri

   Əziz oxuyucular, bu gün sizləri oxuduğum dəyərli kitablardan biri ilə daha tanış etmək istəyirəm. Bu, Platonun Dövlət kitabıdır. Əvvəlcə Platon haqqında qısa məlumat vermək istərdim. Platon Yunan filosofu Sokratın tələbəsi, Aristotelin müəllimi idi. Yaraşıqlı və çox güclü idi. Bəzi mənbələrdə enlikürək olduğu üçün ona Platon adının qoyulduğu düşünülür. Soylu və zəngin bir ailədə böyümüşdü. Yaşadığı dövrün ən mükəmməl təhsilini almışdı. O həmçinin, olimpiada qalibi olmuş bir idmançı idi. Qısaca filosof olacağı düşünülən ən son cavanlardan biri idi. Heç kim 28 yaşında olan bu cavan oğlanın fəlsəfə ilə maraqlana biləcəyini düşünmürdü. Lakin, müəllimi Sokrat ona hikməti sevdirdi və o da ən məşhur filsoflardan biri oldu. Platon Sokratın ölümündən (zəhər içirdilərək haqsız edam edilməsindən) sonra Yunanıstandan uzaqlaşdı. Dünyanı gəzdi. Hansı ölkələri gəzdiyi dəqiq bəlli deyil, lakin Misirə, İtaliyaya, Anadoluya, hətta Hindistana gedib çıxdığını fərz edənlər də var. O, 12 ildən sonra Afinaya geri dönəndə 40 yaşında yetkin bir insan olmuşdu. Dövlət kitabını da elə bundan sonra yazmışdı (e.ə. 360-cı ildə). Kitabda Platon Sokratın sağlam və xoşbəxt bir cəmiyyət üçün nəzərdə tutduğu dövlət modelini təsvir edir. Bu kitab dövlətin fəlsəfəsi ilə bağlı ən əsas mənbələrdən biri kimi qəbul edilir. Platon bu kitabı dialoq üslubunda Sokratın fikirlərindən təsirlənərək yazmışdır. Kitab Sokratın tələbələri ilə söhbətlərindən ibarətdir. Onun fikirlərinə görə ən güclü dövlətin təməli şüurlu cəmiyyətdir. Sizə kitabın məzmunu barədə çox məlumat vermək istəmirəm, lakin Sokratın ədalətin mənbəyi barədə olan və bir neçə digər fikirlərini sizlərlə paylaşmaq istəyirəm:
"İnsanlar bir-birinə haqsızlıq edə-edə, haqsızlığa məruz qala-qala onun nə demək olduğunu anladılar. Bunun qarşısını almağın mümkün olmadığını gördükdə isə bir razılığa gəldilər. Heç kəsin haqsızlıq etməyəcəyi və heç kimin də haqsızlığa məruz qalmayacağı barədə qanun qəbul etdilər və qanuna uyğun olana ədalətli dedilər. Bax ədalətin mənbəyi budur."; "İnsanların doğruyla əyriyi öz-özlərinə ayırd edə bilməyib məhkəməyə müraciət edib ədaləti başqalarından gözləməsi kimi çirkin bir şey yoxdur."; "Müdriklik, igidlik, özünə hakimlik və ədalət - bu 4 dəyər varsa dövlətimiz ideal bir dövlətdir."; "Gerçək fəlsəfə ruhun qaranlıqdan aydınlığa çıxması, yəni gerçək varlığa yüksəlməsidir.";
"-Dərdi-qəmi olmayan bir insandan dünyada ən gözəl şey nədir deyə soruşsan, şübhəsiz ki, o sənə bunun zövq almaq olduğunu deyəcək...
-Xəstələr ağrı hiss edərkən nə deyər bilirsən?
-Nə deyər?
-Sağlamlıqdan daha gözəl bir şey yoxdur deyərlər, amma xəstələnmədən əvvəl heç bu barədə düşünməzlər. 
-Düzdü elədir.
-Dözülməz bir ağrıdan qıvrananlar da bu ağrı kəssə bundan gözəl şey ola bilməz deyərlər. Bunu da eşitmisən yəqin.
-Bəli.
-Daha bir çox hallarda da görmüsən ki, ağrıya düçar olanda ən gözəl şey zövq almaq deyil, ağrının kəsməsidir.
-Belə anlarda ağrının kəsməsi həqiqətən çox gözəl şeydir.
-Bundan fərqli olaraq zövqün bitdiyi an heç də gözəl bir şey deyil. Ondan sonra bir acılıq gəlir.";

"-Təbiətdə bir yüksək, bir alçaq, bir də orta var. Elə deyil səncə də?
-Bəli.
-İnsan alçaqdan ortaya keçəndə yuxarı qalxırmış kimi hiss edər. Ortaya çatıb gəldiyi yerə baxanda özünü yüksəkdə görər. Əsl yüksəkliyi görməmişdir çünki.
-Tanrı bilir! Yüksəyi bilməyən başqa cür düşünə bilməz.
-Ortadan aşağı keçən də haqlı olaraq yuxarıdan düşdüyünü sanır.
-Şübhəsiz.
-İnsanın bu cür aldanmasının səbəbi  yüksəyin, ortanın, alçağın nə olduğunu bilməməsidir.".
   Dəyərli oxuyucular, Platonu Dövlət kitabında yuxarıda oxuduğunuz fikirlər kimi gözəl fikirlərin sayı hesabı yoxdur. Mən deməzdim ki, bu kitabdakı fikirlərin hamısı ilə razıyam. Xeyr, bəziləri ilə razı deyiləm, xüsusilə də 5-ci fəsildəki fikirlərlə (P.S. kitabı oxuyanlar əminəm ki, mənimlə razıdırlar), ancaq yazmaqla bitməyəcək ideyalarla zəngin olduğuna da əmin olun. Bir sözlə, kitabı oxumağınızı şiddətlə tövsiyyə edirəm. Kitabın pdf formasını aşağıdakı linkdən yükləyə bilərsiniz:

Yorumlar

Yorum Gönder