Həyatın mənası

   Həyatın mənası nədir? Çox qəribədir ki, insan ancaq bir problemlə üzləşdikdə bu sualı özündən soruşar. Xoşbəxt insan isə heç vaxt bunu düşünməz. Bir neçə gündür özümə bu sualı verirəm. Ona görə də məqaləmi bu mövzuda yazmağa qərar verdim. Bir az araşdırdım və öyrəndim ki,
bu sualın cavabı nisbi xarakter daşıyır. Yəni zamana, məkana və şəxslərə görə dəyişir. İnsan uşaq olarkən və böyüdükdə həyatın mənasını fərqli şeylərdə görər. Azadlıqda və dustaqlıqda da həyatın mənası təbii ki, eyni olmaz. Lev Tolstoy deyib ki, nə qədər ağlımıza uyğun yaşasaq həyatın mənasını o qədər az dərk edərik. Viktor Frankl isə düşünür ki, həyatın mənası xoşbəxtliyin arxasınca qaçmaqda deyil, onun üçün səbəb axtarmaqdadır. Bir çoxları isə əsl mənanı elə həyatın mənasını axtarmaqda görər. O, uzaqda deyil, çox yaxında - ürəyimizin içindədir. Oraya baxmaq isə insanın öz əlindədir.


   Kiminə görə həyatın mənası pul qazanmaqda, kiminə görə onu yaralayanları məhv etməkdə, kiminə görə məşhur olmaqda, kiminə görə uşaq sahibi olmaqda, kiminə görə sevib sevilməkdə, kiminə görə başqalarına kömək etməkdə, kiminə görə özündən sonra iz qoyub getməkdə, kiminə görə isə Allaha ibadət etməkdədir. Amma ən əsası isə odur ki, bunların hamısı ölümlə son tapar. Yaşadıqları həyatdan, varlı və ya kasıb, ağıllı və ya axmaq, gözəl və ya çirkin olmasından asılı olmayaraq nəticədə hamı ölər və sual cavabsız qalar. Bu qaçınılmazdır. Mənim fikrimcə, yaşadığımız bu həyatda həyatın mənasını dərk etmək mümkün deyil. Mən bu sualın cavabını tapa bilmirəm və ya onu ifadə etmək üçün sözlərim kifayət etmir. Bilmirəm. Əlimdən gələn ancaq sizdən soruşmaqdır. Bəs siz? Siz həyatın mənasını nədə görürsünüz?

Yorumlar

  1. Həyatın mənası "carpe diem"dir ;) Bir də Chuck Palahniuk'un bir sözü var e, "Cahillik bir zamanlar sonsuz xoşbəxtlik idi". Bunun həqiqətən də doğru olduğunu görürəm.

    YanıtlaSil

Yorum Gönder