Bir insanın həyatını dəyişən nəzəriyyə

Dəyərli oxuyucular, son günlərdə oxuduğum bir kitabda (Adam Faver - Ehtimalı olmayan (eng. Improbable; tr. Olasılıksız; ru. Невероятная) rastladığım bir hissəni sizlərlə paylaşmaq istəyirəm. Əminəm ki, çoxunuz Blez Paskalı tanıyırsınız. Tanımayanlar üçün qısa məlumat verim - O, fransız dahisi, riyaziyyatçısı, fiziki, filosofu və yazıçısı olmuşdur. Paskal ilk mexaniki hesablama qurğusunu ixtira etmişdir. Ən məşhur əsəri ölümündən sonra yayımlanmış olan “Düşüncələr”dir.


Qayıdaq mövzumuza. Adam Faver kitabında ehtimal nəzəriyyəsi haqqında danışarkən Paskalın “Gözlənilən dəyər” nəzəriyyəsindən bəhs edir. Bu nəzəriyyədə istifadə etdiyi düsturdan çıxan nəticə onun həyatını tamamilə dəyişir. Yaxşı, bəs nə idi bu düstur? Bir az diqqətli olsanız çox rahat başa düşəcəksiniz:

Hansı daha böyükdür?

a)gözlənilən dəyər (hedonizm – yəni fiziki həyatdan zövq almaq)
b)gözlənilən dəyər (dini həyat)

Fərziyyə…

1-ci ehtimal (ölümdən sonra həyat yoxdur) × (hedonizm) + (ölümdən sonra həyat var) × (sonsuza qədər lənətlənmək);

2-ci ehtimal (ölümdən sonra həyat yoxdur) × (dindən alınacaq zövq) + (ölümdən sonra həyat var) × (sonsuz xoşbəxtlik)

Çox sadə bir məntiqi var. Əgər a b-dən böyük olsa Paskal hedonizmi seçəcək, kiçik olsa dindar olacaqdı. Məchul olanlara dəyər vermədən tənliyi həll etmək mümkün olmadığı üçün Paskal bilinməyənlərə bu dəyərləri verdi:

Sonsuz xoşbəxtlik = +∞
Sonsuza qədər lənətlənmək = -∞

Beləliklə, bu dəyərləri tənliyə əlavə etdikdə,

        a=-∞, b=+∞

Onda,

a (hedonizm) < b (dini həyat)

Ölümdən sonra insan ruhunun yaşamasına və ya hər hansı bir formada həyatda olmağına ehtimal nə qədər az olsa da, dinə bağlı bir həyat yaşamağın gətirəcəyi gəlir yenə də dünyəvi zövqlərlə hedonistik bir həyat yaşayıb sonsuza qədər lənətlənməyi gözə almaqdan daha böyükdür. Paskal bunu dərk etdiyi anda ömrünün geri qalanını dinə həsr etmək lazım olduğu anladı. Və qalan ömrünü (8 il) dinə həsr etdi, 39 yaşında vəfat etdi.

        Məqaləmi Paskala aid bir fikirlə sonlandırıram:

       “Məni bu dünyaya kimin göndərdiyini bilmirəm, mən bilmirəm dünya nədir, mən kiməm, mən dəhşətli bir tərzdə hər şeydən xəbərsizəm... haradan gəldiyimi bilmədiyim kimi, haraya gedəcəyimi də bilmirəm... budur mənim vəziyyətim: o acizlik, zəiflik, qaranlıqla doludur.”

Yorumlar