İlk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün hansı sənədlər tələb olunur və dövlət rüsumu neçə manatdır?

İlk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün hansı sənədlər tələb olunur
və dövlət rüsumu neçə manatdır?

   Dəyərli oxuyucular, bu gündən qərar verdim ki, imkan olduğu qədər dost-tanışın öz hüquqları barədə mənə verdiyi sualları sizlərlə paylaşım. Çoxdandır ki, yazmıram. Xülasə, bu gün bir dostum məndən ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün hansı sənədlərin tələb olduğunu və neçə manat dövlət rüsumu ödəyəcəyini soruşdu və mən də ona bu sənədlərin tələb olunduğunu bildirdim:

1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket;
2. vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı;
3. yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa);
4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış;
5. dövlət rüsumunun ödənilməsi barədə sənəd;
6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd.

   Onu da qeyd edim ki, 18 yaşı tamam olmamış vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.



   Dövlət rüsumu barəsində isə ona bunları dedim:
  Şəxsiyyət vəsiqəsi 10 gün müddətində verildikdə 5 manat, 3 iş günü müddətində verildikdə 25 manat, 1 iş günü müddətində verildikdə isə 35 manat dövlət rüsumu ödəməlisən. Ona diqqət etməyin məsləhətdir ki, sonuncu iki halda yalnız iş günləri nəzərdə tutulur.
  Belə, əziz oxuyucular bundan sonra vaxtım olduqca mənə verilən sualları sizlərlə paylaşacağam. Hələlik!

Yorumlar