"Yəhudi öldü" məsəli haradan gəlir?

Salam, sayı barmaqla sayıla bilən oxucularım! Bu gün sizlərlə çox sevdiyim bir kitabdan – Nizamülmülkün Siyasətnamə kitabından balaca bir hissəni paylaşacağam. Nizamülmülk haqqında məlumat verməyi düşünmürəm, çünki onun haqqında gələcəkdə bir məqalə yazmağı planlaşdırıram. Bugünkü mövzu “Yəhudi öldü” məsəli ilə əlaqədardır. Güman edirəm ki, bəziləriniz bu məsəllə qarşılaşmısınız. Şəxsən mən qarşılaşmışam. Hərbi xidmətdə olduğum zaman. Mən tərxis olunanda tabor komandiri mənə “Bayramov, sən gedirsən, səndən sonra bölüyün halı nə olacaq?!” demişdi. Belə demişdi çünki, bölüyün sənədləşmə işlərini mən aparırdım və demək olar ki, mən xidmətimi bitirənə qədər yoxlamalar sənədləşmədə heç bir problem tapa bilməmişdi. Zabitlərimizdən biri bunu eşidib tabor komandirinə “yoldaş mayor, yəhudi öldü” deyib gülümsəmişdi. O zaman mən bu ifadənin mənasını başa düşməmişdim. Bu əhvalatdan iki il sonra “Siyasətnamə” kitabını oxuyan zaman “Yəhudi öldü” məsəli ilə qarşılaşdım. Çox istərdim ki, siz də oxuyub agah olasınız.
Səd ibn Əbu Vəqqasın dövründə Bağdad, Vasit, Ənbar, Xuzistan, Bəsrəyə baxan bir yəhudi amil var idi. Bir gün bu yerlərin əhalisi Əmirəlmöminin Ömərə ərizə yazıb bu amildən şikayət etdilər. Dedilər: "O, vəzifəsini bəhanə edərək bizi incidir, bizi ələ salır, adam yerinə qoymur. Artıq dözməyə taqətimiz qalmamışdır. Olmaz ki, bizim üzərimizə bir müsəlman amili təyin edəsiniz, həmdin olduğumuz üçün qanunsuzluq edib bizi incitməsin. Əgər bunun əksini etsə, yenə də müsəlmandan təhqir və istehza eşitmək yəhudidən yaxşıdır." Əmirəlmöminin bu ərizəni oxucaq dərhal dedi: "Yəhudinin yer üzərində səlamət yaşaması bəs deyil ki, hələ bir müsəlmanlar üzərində ağalıq edib onlara əziyyət də verir." Dərhal əmr etdi, Səd ibn Vəqqasa məktub yazsınlar ki, o yəhudini işdən götürüb yerinə bir müsəlman təyin etsin. Sədi ibn Vəqqas məktubu oxucaq dərhal bir atlı göndərdi ki, bu yəhudi harada olsa, Kufəyə gətirsin. Başqa süvariləri də göndərdi ki, Əcəm vilayətində nə qədər müsəlman amil varsa, yığıb Kufəyə gətirsinlər. Yəhudini və başqa amilləri topladıqdan sonra məlum oldu ki, heç bir ərəb bu işi bilmir, ərəb olmayan müsəlmanlar içərisində də elə bir amil tapılmadı ki, yəhudidə olan bacarıq və qabiliyyət onda olsun. Heç kəs maliyyə işini onun qədər bilmirdi, gümüş hasil etməyi, adam tanımağı, mədaxili, məxarici hesablamağı bacarmırdı. Səd ibn Vəqqas nə edəcəyini bilmədi, yəhudini öz vəzifəsində saxlamağa məcbur oldu. Əmirəlmöminə belə bir məktub yazdı: "Yəhudini gətirtdim, ərəblərdən heç kəs maliyyə və təsərrüfat işini bu yəhudi qədər bilmədi, işin xatiri üçün onu vəzifəsində saxlamağa məcbur oldum". Məktub əmirəlmömininə çatdıqda oxuyub qəzəbləndi və dedi: "Bu çox qəribədir, ixtiyarıma qarşı ixtiyar, məsləhətimə qarşı məsləhət çıxarırlar." Qələmi götürüb məktubun üzərində yazdı. "Yəhudi öldü". Haman məktubu yenə Səd ibn Vəqqasa göndərdi, mənası bu idi ki, "İnsan ölə bilər. Amilin işdən çıxarılması ölümdür. Amil ölsə, ya onu vəzifədən çıxarsalar, iş bundan axsamamalı, bu vəzifə dərhal başqasına tapşırılmalıdır. Nə üçün belə acizlik və iradəsizlik göstərirsən? Fərz et ki, bu yəhudi ölmüşdür." Məktub Sədə çatcaq, dərhal yəhudini haman işdən götürdü, o vəzifəyə bir müsəlman göndərdi. Bir il keçdikdən sonra gördülər ki, müsəlman bu işi daha yaxşı yerinə yetirir, həm pul var, həm camaat razıdır, həm məhsul boldur, həm də ölkə abad. Sonra Səd ibn Vəqqas ərəb əmirlərinə dedi: "Əmirəlmöminin Ömər böyük şəxsiyyətdir, biz o yəhudi haqqında uzun bir sicilləmə yazdıq, o iki kəlmə ilə cavab verdi, o deyən kimi də oldu."

Yorumlar