Sirli səyahət

   Bugünkü məqaləmin mövzusu turizmdir. Son zamanlar turizm sektoru xeyli inkişaf edib, hətta dövlətlərin büdcəsində özünə əhəmiyyətli dərəcədə yer də açıb. Hazırda turizm yaratdığı gəlirə görə neft sənayesi və avtomobil sənayesindən sonra dünyada üçüncü yeri tutur. Hamı dünyanı gəzmək istəyir. Əlbəttə bundan təbii bir şey yoxdur. İş yerində yorğun və stressli keçən 11 aydan sonra 1 ay istirahət insanı həyata geri döndürür. Bəs bizim vətəndaşlar həmin 1 aylıq istirahətlərini harada keçirirlər? Statistik göstəricilərdən məlum olur ki, bizim vətəndaşların ən çox gəzdiyi ölkələr bunlardır: Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri, Macarıstan və s. Amma hamının maddi cəhətdən buna imkanı çatmır. Bu qrup insanlara məsləhətim ölkədaxili səyahətdir. Həm xarici ölkələrə nisbətən daha ucuz, həm də keyfiyyətli. Ölkə daxilində gəzib görməli regionlarımızdan biri də Naxçıvandır. İndi deyəcəksiniz ki, nə var Naxçıvanda?! İcazə verin deyim. Əgər bəyənməsəniz itirəcəyiniz sadəcə 5-10 dəqiqə vaxt olacaq.
   Turizm üçün əhəmiyyətli olan meyarlar o zonanın qədim tarixinin olması (şəhərin əsası eramızdan əvvəl 1500-cü ildə qoyulub), müalicə potensialının mövcudluğu (Duzdağ, Darıdağ), dini ziyarət obyektlərinin olması (Nuh peyğəmbərin qəbri, Əshabi-Kəhf), əyləncə məkanlarının (kafe, restoran, bar, çimərlik, jet ski, aqua-park, boulinq, kartinq, peyntbol) və təbii kənd (Batabat, Ağbulaq) həyatının mövcudluğudur ki, bunların hamısı Naxçıvanda var.

   Əvvəlcə nəzərinizə Naxçıvan şəhərinə getməyin bir neçə alternativ yolunu çatdırım. Ölkə daxilindən - Bakı və Gəncə şəhərlərindən hava yolu ilə. Bakıdan uçuş müddəti 1 saat 15 dəqiqə, aviabiletin qiyməti isə 50 manatdır. Gəncədən uçuş müddəti 1 saat 30 dəqiqə, aviabiletin qiyməti isə 60 manatdır. Naxçıvan blokada şəraitində olduğu üçün quru yolu ilə İran İslam Respublikasının ərazisindən keçməklə Naxçıvana getmək mümkündür. Ona görə də quru yolu ilə getmək istəyənlərə xəbərdarlıq edim ki, sizin xarici pasportunuz olmalıdır. Quru yolunun uzunluğu 536 km, müddəti 10-11 saatdır. Avtobus biletinin qiyməti isə 25 manat təşkil edir. Yol uzun olduğu üçün bəzi nöqtələrdə fasilələr olur. Ona görə də mən bu yolla Naxçıvana getməyi məsləhət görmürəm. Çünki, yemək xərci və yol yorğunluğunu hesablayanda aviabiletlə eyni "məbləğə" gəlib çatır.
   Hava limanından şəhərə qədər taksinin gediş haqqı 5 manatdır. Həmçinin şəhərə 6 nömrəli marşrutla da getmək olar ki, onun da qiyməti 30 qəpikdir. Şəhərdaxili taksinin qiyməti 3-5 manat arasında dəyişir.
   Yerləşmə ilə əlaqədar isə onu deyə bilərəm ki, şəhərdə otaqlarının qiyməti 20-80 manat aralığında olan rahat mehmanxanalar mövcuddur. Büdcənizdən asılı olaraq siz "Təbriz", "Duzdağ", "Grand", "Avtovağzal", "Azəri", "Xəyal" və "Toğrul" adlı otellərdə qala bilərsiniz. Bundan başqa, siz həmçinin kirayə günlük və ya həftəlik ev də götürə bilərsiniz. (Bu linkdən kirayə evlərə baxa bilərsiniz.)
Mehmanxana Təbriz

Duzdağ Hotel

Hotel Grand


Mehmanxana Avtovağzal

   Əfsanəyə görə Naxçıvan şəhərinin təməli ümumdünya daşqınından sonra Nuh peyğəmbər tərəfindən qoyulub. Onun qəbri də məhz bu şəhərdə yerləşir. Həmin məzarı ziyarət etməklə gəzintinizə başlaya bilərsiniz.
Nuh peyğəmbər türbəsi

  
    Daha sonra bu ecazkar yerlərlə gəzintinizə davam edə bilərsiniz: 

Möminə Xatun türbəsi (1186-cı il)

Qarabağlar türbəsi (XII əsrin sonu)

Yusif ibn Küseyir türbəsi (1162-ci il)

Gülüstan türbəsi (XIII əsrin əvvəlləri)

Naxçıvanqala (XVII əsrin ortaları)


Xan sarayı (XVIII əsrin sonu)

Gəmiqaya petroqlifləri (Tunc dövrü)

Əlincə qalası (VII-XII əsrlər)
Əmir Teymura 10 ildən artıq müqavimət göstərmiş Əlincə qalasını kim görmək istəməz?!

Adı "Qurani-Kərim"də keçən Əshabi-Kəhf ziyarətgahını ziyarət etmək hər bir müsəlmanın borcudur.



Duzdağ

   Duzdağ fizioterapiya mərkəzinin yeraltı şöbəsi duz mədənində II əsas dağ sexində, girişdən 300 metr məsafədə, 110 metr dərinlikdə yerləşir.

   Darıdağ Arsenli Su Müalicəxanasında 32 kəşfiyyat quyusundan və 5 bulaqdan ibarət olan arsenli su bir çox xəstəliklərin sağalmasında mühüm rola malikdir.

Batabat gölü

Ağbulaq

   Mən sizi "2018-ci il islam mədəniyyətinin paytaxtı"na dəvət edirəm. Özünüz qərar verin. Naxçıvanı gəzməyə dəyər, yoxsa yox?

Yorumlar

Yorum Gönder