"QANLI GÜNLƏRİMİZ"

Naxçıvanda erməni-müsəlman müharibəsinə dair bir əhvalatdır ki, gələcək vətəndaşlar üçün tarixi yadigar deməkdir...

   Oxuculara təqdim etdiyim "Qanlı günlərimiz" əsərində qədim Naxçıvan torpağında gedən erməni-müsəlman (Azərbaycan türkü) müharibəsindən səhnələr təsvir edilmişdir. Bu əsərin müəllifi 1918-1920-ci illərdə Naxçıvanda fəaliyyət göstərmiş Müsəlman Milli Komitəsinin katibi Mirzə Bağır Əliyevdir. Əsər qalın cildli 250 səhifəlik məktəbli dəftərinə qara mürəkkəblə ərəb əlifbası ilə yazılmışdır. Xırda əlxəttilə gündəlik şəklində qələmə alınan bu əsər dəftərin vərəqlərinin əvvəlcə bir üzünə sonra isə hər iki üzünə yazılmışdır. Əsəri oxuduqca aydın olur ki,
Mirzə Bağır Əliyev tərəfindən şərh olunan hadisələrlə hazırda cərəyan edən faciələr arasında oxşar cəhətlər çoxdur və ermənilər eyni ssenari üzrə hərəkət edirlər. Əsərdə eyni zamanda Türkiyə türklərinin Naxçıvana köməyə gəlməsi, İran, Rusiya, İngiltərə, Fransa, Amerika dövlətlərinin Naxçıvanda baş verən hadisələrə müdaxilə etmələri, həmçinin naxçıvanlıların düşmənə qarşı mərdlik və qəhrəmanlıqla vuruşmaları günbəgün, saatbasaat təsvir olunur.


Azərbaycan Respublikasının Xalq artisti Zəroş Həmzəyeva atası - Mirzə Bağır Əliyev haqqında yazır:
   Öz dövrünə görə Naxçıvanın tanınmış ziyalılarından olan atam Mirzə Bağır Yusif oğlu Əliyev təqribən XIX əsrin 80-ci illərinin əvvəllərində Naxçıvanda anadan olmuşdur. Ailədə 5 uşaq olmuşlar. Gimnaziya təhsili alan Mirzə Bağır Əliyev ərəb, fars, rus dillərini mükəmməl bilmiş, hətta ara-sıra «Səyyar» təxəllüsü ilə şerlər də yazmışdır. Atam öz dövrünün ziyalıları ilə yaxından təmasda olmuş, onların bir çoxu ilə dostluq etmişdir. Onda Hüseyn Cavidin yazıları, kitabları, şerləri də var idi. Bu ziyalıların bəziləri bizə tez-tez gələrdi. Onlar gələndə atam həmişə tar çalar, həzindən oxuyardı. Kitabxanası yazıçıların, ələl-xüsus H. Cavidin əsərləri ilə zəngin idi. Atam həmişə yazı ilə məşğul olardı. Nə yazdığını bilmirdik, çünki rusca, çoxunu isə ərəb əlifbası ilə yazardı. Bütün kitablarının üstünə özünün qayırtdırdığı möhürü vurardı. 1918-1920-ci illərdə Naxçıvan erməni təcavüzünə məruz qaldığı zaman Naxçıvanda Müsəlman Milli Komitəsinin katibi olan atam ictimai fəaliyyət göstərmiş, Naxçıvanın erməni və beynəlxalq təcavüzdən azad olması yolunda yorulmadan çalışmışdır. Sonralar Mirzə Bağır Əliyev Naxçıvanda müəllim, vəkil işləmişdir.
   Yadımdadır 1937-ci il idi. Hər gün onlarla günahsız insan tutulur, Sibirə sürgün edilirdi. Bir gün axşam, qaranlıq düşəndə bizim də qapımız döyüldu. Qapını atam açdı. Biz qorxurduq ki, atamı da apararlar. İki nəfər əsgər formasında, bir nəfər isə mülki paltarda içəri girdi. Atama onlarla gedəcəyini dedilər. Atam heç bir söz deməyib geyindi. Qapıdan çıxanda anama dedi ki, dözümlü ol, uşaqlardan muğayat ol. Anam (Əfşan xanım - İrəvan xanlarından İbrahim bəy Makinskinin qızı) ağlaya-ağlaya bizi yatmağa göndərdi. Sonra anam məni və qardaşım Məmmədrazını oyadıb dedi ki, durun sakitcə geyinin. Biz onunla atamın iş otağına gəldik. Qalaq-qalaq kitabları kisələrə doldurub həyətimizdəki su quyusuna boşaltdıq. Anam özü rusca təhsil almış, İrəvanda gimnaziya qurtarmışdı. Dövrünə görə savadlı qadın idi. O, bizi başa saldı ki, evi yoxlayıb bu kitabları tapsalar bizim üçün pis olar. Üç gün atamı saxlayandan sonra evə buraxdılar. Əhvalı çox pis olduğundan heç kim heç nə soruşmadı. Atam iş otağına keçəndə kitabları yerində görməyib, harada olduğunu soruşdu. Anam qorxa-qorxa dedi ki, tökdüm su quyusuna. Lakin bəzi əlyazmaları gizlətdiyini bildirdi. Onlar rusca danışırdılar, anam ağlayırdı. İki gündən sonra atamı yenə apardılar. Evimizi də axtardılar. Bəzi şeyləri, çoxlu kitab apardılar. İki gün sonra atam gəldi. Artıq onu işdən çıxarmışdılar. Atamı izləyirdilər. 5-6 ay işsiz qalandan sonra o, yenə də işə düzəldi. O gündən atam ürək ağrısına düşdü. Lakin bu ağrıya başqa bir səbəb vardı. O da qardaşı Nağı ilə bağlı idi. Nağı Əliyev hərbçi olub xaricdə təhsil almışdı. Müsavat hökumətinin rütbəli zabiti - qoşun komandiri idi. Öz qoşunu ilə Naxçıvanda, sonra isə Bakıda xidmət edibmiş. XI ordu gələndən sonra Nağının nə ölüsündən, nə dirisindən xəbər verən olmayıb Atam həmişə Qarayev adlı bir adamın adını çəkib onu lənətləyirdi. Nağının məhvində onun günahkar olduğunu deyirdi. Atam qardaşı Nağını çox axtarıb. Bəziləri deyirdi ki, onu xalq düşməni adı ilə güllələyiblər, bəziləri də ehtimal edirdi ki, o, Türkiyəyə qaçıb. Uzun müddət Nağı əminin adını qorxudan heç kim çəkmirdi. Hətta şəkillərini də bibimgil gizlətmişdilər. İndi mənə məlum olur ki, atamın ürək ağrılarına səbəb nə idi. Müsavat hökumətinin qoşun komandiri, cavan, igid qardaşı Nağı Əliyevin həsrəti. Qorxudan onun ölüsünü, dirisini axtarmaması, ömür boyu xalq üçün yazıb-yaratdığı kitablarının quyuya tökülməsi, bəzilərini öz əlilə yandırması, məslək yoldaşlarının, həmfikirlərinin, Cavidin, onlarla Cavid kimilərinin sürgün edilməsi. Bunlara necə dözmək olardı? Atam 1938-ci il sentyabr ayının 1-də təqribən 55 yaşında ürək ağrısından vəfat etdi. O, xeyirxah insan idi. Naxçıvan əhli indi də ona rəhmət oxuyur. Həmişə fağırfüqaraya, kasıblara əl tutardı. Övladlarını, ailəsini çox istəyirdi. Yadıma gəlir həmişə süfrə salınan kimi bizi başına yığıb, bir yerdə nahar edərdi. Sonra əllərini göyə qaldırıb deyərdi: «çox şükür, xudaya, bu gün də yaşadım. Allah dərgahına əl qaldırıram, məni öz vətənimdə bir qarış torpağa qismət elə...» Sonra bizi öpüb durardı ayağa. Atam rəhmətə gedəndən sonra anam Əfşan xanım uşaqlarını namusla, zəhmətlə böyüdüb boya-başa çatdırdı. 
   Bir gün ailənin böyük uşağı olduğuma görə anam məni yanına çağırıb bir əlyazma göstərdi. Dedi ki, bu atanın ən qiymətli əsərlərindəndir, itib-batmasın deyə onu apar Bakıda Əlyazmalar fonduna təhvil ver. Bir gün gələr xalqımıza lazım olar. Mən yazını götürdüm. Orada nə yazıldığını bilmirdim. Ərəb əlifbası ilə yazılmışdı. Aparıb Əlyazmalar fonduna təhvil verdim. Bakıdan Naxçıvana qayıdandan sonra anam dedi ki, üstümdən yük götürüldü, indi rahat nəfəs ala bilərəm. Sonra nədən yazıldığını mənə başa saldı. Dedi ki, «Qanlı günlərimiz» adlanan bu əsər 1918-1920-ci illərdə Naxçıvanda baş verən erməni-müsəlman qırğınından bəhs edir.
   «Ədəbiyyat» qəzetinin 1991-ci il 9 avqust nömrəsində «Qanlı günlərimiz» başlıqlı bir yazıya rast gəldim. Filologiya elmləri namizədi Tərlan Quliyev xeyirxah bir iş görmüş, əsərdən bir parçanı qəzetin səhifələrində çap etdirmişdi. Əsəri oxuduqca aydın olur ki, atam - Mirzə Bağır Əliyev hələ 70 il bundan əvvəl ermənilərin Azərbaycanda, o cümlədən Naxçıvanda törətdikləri vəhşiliklərin canlı şahidi olmuş, xalqımız bu faciəli günləri yaddan çıxarmasın deyə qələmə alıb gələcək nəsillərə çatdırmaq istəmişdir. Eyni zamanda əsərdən aydınlaşır ki, ermənilər 1988-ci ildən bəri «uydurma Qarabağ» problemi ətrafında da 70 il bundan qabaq Naxçıvandakı ssenari üzrə hərəkət edirlər. Əsəri bütövlükdə oxuduqda oxucular üçün daha bir sıra qaranlıq məsələlər aydınlaşacaq. İndi atamın bu qiymətli yadigarı — 1918-1920-ci illərdə Naxçıvanda baş verən erməni-azərbaycanlı müharibəsindən bəhs edən «Qanlı günlərimiz» adlı əlyazma bütövlükdə çap olunub. Mən ilk növbədə bu əsəri ərəb əlifbasından müasir əlifbaya çevirən, əsəri bütövlükdə çapa hazırlayan Tərlan Quliyevə, eyni zamanda bu əsərin işıq üzü görməsində əməyi olanlara öz təşəkkürümü bildirirəm.

"Qanlı günlərimiz" əsərini YÜKLƏ !

Yorumlar