Kitab, yoxsa film?


   Son illər romanların əsasında çəkilmiş filmlərə tez-tez rastlayırıq. Mən də bir çox insan kimi belə filmlərə baxmaqdan zövq alıram. Onu da deyim ki, bu tip filmlərdən bir çoxuna baxmışam. Ancaq onlardan birini olduqca maraqla gözləyirdim. Çünki, bu film Azərbaycanın dünya üzrə "best seller" olan yeganə kitabı əsasında çəkilmişdir. Söhbət dünyanın 33 dilinə tərcümə edilmiş və 66 ölkədə nəşr etdirilmiş
Qurban Səidin "Əli və Nino" adlı romanından gedir. Kitabı 2013-cü ildə oxumağıma baxmayaraq filmi izləmədən əvvəl təkrar oxudum. Sonra filmi izlədim. Onu deyə bilərəm ki, 20 milyon dollar büdcəli bu film mənə böyük məyusluq hissi yaşatdı. Bunun bir çox səbəbi var. Bu səbəblərdən birincisi filmin rejissoru Asif Kapadianın aktyor seçimidir. Rejissor filmin baş rolu olan Əli xan Şirvanşir roluna Adam Bakrini, Malik Naxararyan roluna isə Riccardo Scamarcionu çəkib. Mənim fikrimcə, Əli xan Şirvanşir roluna fələstinli aktyor Adam Bakri nəinki görünüş cəhətdən, hətta peşəkarlıq cəhətdən də yaraşmır. Kitabda Qurban Səidin "30 yaşında, keçəl, gombul, qoyun gözlü, filosof alınlı" deyə bəhs etdiyi Malik Naxararyan roluna isə rejissor italyan aktyor Riccardo Scarmarcionu layiq bilib. Filmdə azərbaycanlı rolunu şəkildə göstərilən soldakı aktyor, erməni rolunu isə sağdakı aktyor canlandırır. Bu barədə bundan artıq heç nə demək istəmirəm...


   Filmin yeganə xoşuma gələn yanının Nino roluna "Cənnətin üç addım üzərində" filmindən də tanıdığımız Maria Valverdenin çəkilməsi olduğunu desəm yalan olmaz. Rejissor romanın böyük bir qismini ya kəsib atıb, ya da dəyişdirib. Əgər kitabda hadisələr məktəbdə sinif otağıdan başlayırdısa, film Əlinin atasına Nino ilə evlənmək istədiyini deməsi ilə başlayır. Rejissor birbaşa mətləbə keçib. Bəs Əli və Nino necə bir-birinə aşiq olub? Filmi izləyərkən heç o barədə düşünməyin, çünki cavabı ancaq kitabda tapacaqsınız. Əlinin atası ilə bu söhbəti kitabda boz qurd darvazası deyilən yerdə baş verir. Heç olmasa ekranda həmin səhnə göstərilən zaman o yerin adı yazılaydı... Filmdə Qarabağda olan hadisələr - aşıqların deyişməsi, Qarabağın kəhər atı haqqında yazılanlar, Əli və Ninonun nişanlandıqdan sonra Tiflisə qonaq gedib Davud dağını ziyarət etməkləri də əks etdirilmir. Bundan başqa Naxararyanın Ninonu qaçırdığı səhnədə hamıya müəmmalı qalır ki, niyə Ninonu operaya Naxararyan aparmışdı?! (Çünki Əli xana atası evdə onunla birlikdə qonaqları qarşılamasını tapşırmışdı.) Əli xanın Naxararyanı öldürdüyü səhnədə kitabın müəllifi Naxararyanın "nazik səsi ilə qışqırdığını" qeyd etsə də filmdə Naxararyan ölərkən heç səsini də çıxarmır, elə bil qürurla ölür. Əli və Nino Dağıstanda evləndikləri zaman Əlinin kənd camaatının önündə Ninonu dodağından öpməsi isə ümumiyyətlə, kitabda olmayan bir şeydir. Rejissor təkcə kitabda yazılanları yox, milli adətlərimizi də kobud bir şəkildə dəyişdirir. Bunlardan əlavə filmdə ermənilərin əvvəl milli şuraya bitərəf qalacaqlarını deyib ruslar Bakiya girən zaman bizə xəyanət edərək onlarla birləşib soyqırım törətməsi, Əlinin dostu Məhəmməd Heydərin meyitinin burnu və qulaqlarının kəsilməsi barədə də heç nə yoxdur. İçərişəhərin müdafiəsi ilə bağlı çəkilən səhnələr çox primitiv və sünidir. Əli və Ninonun gəmi ilə Tehrana yola düşmələri, Tehranda aşura günü baş verən hadisələr, Osmanlı ordusu ilə yerli özünümüdafiə dəstələrimizin Bakını azad etməsi, Əli xanın Paris konsulluğuna olan təyinatından vətənini sevdiyi üçün imtina etməsi də filmdə öz əksini tapmayıb. Bundan başqa Fətəli xan Xoyskinin Məmməd Əmin Rəsulzadəyə aid "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsini söyləməsi faktı isə yenə kitabda olmayan, uydurulmuş bir səhnədir. Onu da qeyd edim ki, Məmməd Əmin Rəsulzadə barədə kitabda heç bir məlumat yoxdur. Əli və Ninonun qızı Tamaranın kitabda Bakıda doğulduğu yazıldığı halda, filmdə Tehranda doğulduğu göstərilir. Kitabda Seyid Mustafa güllə ilə alnından vurulmur. O, rus əsgərləri tərəfindən döyülüb qolları bağlanılıb ağzına donuz əti dürtüləndən sonra Məşhəddəki əmisinin yanına qaçır. Kitabda İlyas bəyin sağ qaldığı yazılsa da filmdə öldürülür. Gəncə yaxınlığındakı döyüşlər də çox süni çəkilmişdir.
   Bəlkə də mən filmi çox sərt tənqid edirəm. Amma mənim fikrimcə, belə möhtəşəm bir romana əsasən çəkilən film insanlarda bu cür pis təəssürat yaratmamalı idi. Bəlkə də film iki hissəli çəkilsəydi nəticə belə olmazdı. Amma artıq çox gecdir. Sizə tövsiyyəm odur ki, əgər kitabı oxumamısınızsa filmə baxın. Onsuz da sonra  suallarınıza cavab tapmaq üçün məcbur qalıb kitabı  oxumalı olacaqsınız.

Kitabın elektron variantını    Yüklə

Kitabı (7.99 AZN)                      AL

Yorumlar