Salam, sayı iki əlin barmaqlarını keçməyən oxuyucular! Bu həftə sizlərlə bir kitabı paylaşmaq istərdim - “Hind dastanları: Ramayana, Mahabharata, Harivamşa”. Korhan Kaya qədim hind dastanlarının məzmununu xülasəyə çevirən və bir araya toplayan Oksford Universitetinin avstriyalı professoru Moriz Winternitzin “A History of Indian Literature” kitabını türkçəyə tərcümə edib. Kitabın pdf variantını Google drive-a yükləmişəm. İstəyən bu linkdən istifadə edib oxuya bilər.
Kitab adından
da göründüyü kimi 3 hissədən ibarətdir. 1-ci dastan – Ramayana Koşala ölkəsinin
güclü padşahı Daşarathanın oğlu Ramanın Ravana ilə mübarizəsindən bəhs edir. Cənnətdəki
tanrılar şeytan Ravanadan şikayət edərək tanrı Vishnudan insan bədəninə girib
Ravananı öldürməsini xahiş edirlər. Vishnu bu təklifi qəbul edir, cənnətdən yerə
enir - Daşarathanın oğlu olaraq dünyaya gəlir. 2-ci dastan – Mahabharatadır.
Hindistanlılar atalarını Bharata adlandırırlar. Bu dastan eyni soydan gələn
Kurular və Pandu oğullarının aralarındakı anlaşılmazlıqların nəticəsi olan “Böyük
Bharata” müharibəsindən bəhs edir. Krishna
müharibədən əvvəl cəsarətini itirmiş Arcunanı cəsarətləndirmək üçün ona fəlsəfəsini
izah edir və onu ürəkləndirir. Bu fəlsəfəyə görə “eqo” deyə bir şey yoxdur. Sən
və mən eyni varlığın parçalarıyıq. Bu gün savaşda öldürüləcək insanlar, sabah
bir başqa bədəndə yenidən doğulacaqlar. Müdrik insan, Krishna tərəfindən müəyyənləşdirilən
“yoqa” yolunu izləməlidir. Bu dastanın ən sevdiyim hissəsi isə – Yakshanın verdiyi suallar və Yudhishthiranın onları cavablandırmasıdır:
“- Yerdən
daha ağır, göydən daha yüksək, küləkdən daha sürətli, sayı otlardan daha çox
olan nə var?
+ Ana
torpaqdan daha ağırdır, Ata göydən daha yüksək. Ruh küləkdən daha sürətli, xəyallar
isə otlardan daha çoxdur.
- Səyyahın
dostu kimdir? Evdə qalanın dostu kimdir? Xəstənin dostu kimdir? Ölüm yatağında
olanların dostu kimdir?
+ Səyyahın
dostu karvandır. Evdə qalanın dostu arvadı. Xəstənin dostu həkim, ölüm
yatağında olanların dostu xeyriyyəçilikdir.
- Üzərində qələbə
çalmaq ən çətin olan düşmən kimdir və bitməyən xəstəlik nədir? Hansı insan
yaxşı, hansı insan pis sayılır?
+ Qalib gəlmək
ən çətin olan düşmən qəzəbdir. Bitməyən xəstəlik acgözlükdür. Bütün canlılarla
dost olan insan yaxşı, mərhəməti olmayan insan isə pisdir.
- Ey padşah,
yanılma və qürur nədir? Tənbəlliyə nə deyirik və kədər nədir?
+ Dharma
mövzusunda aldanmaq yanılmadır, bir insanın şərəfli olması qürurdur. Dharma
mövzusunda yavaş hərəkət etmək tənbəllikdir, cəhalət isə kədərdir.
- Rşilər
davamlılıq dedikdə nəyi nəzərdə tuturlar? Cəsarət nədir? Ən yaxşı hamam
hansıdır? Mərhəmət nədir?
+ Birinin
tapşırığını əzmlə tamamlamağı nəzərdə tuturlar; Cəsarət öz hisslərini
cilovlamaqdır. Ən yaxşı hamam çirkli düşüncələrdən təmizlənməkdir, mərhəmət isə
bütün canlılara qarşı qoruyucu olmaqdır.
- Ey padşah,
söylə mənə, həqiqi Brahmanizm nəyə bağlıdır: soyamı, həyat tərzinəmi, Vedaları
oxumağamı, yoxsa bilik əldə etməyəmi?
+ Dinlə, əziz
Yaksha! Brahmanizm nə soya, nə Veda oxumağa, nə də bilik əldə etməyə bağlıdır;
bu yalnız yaxşı bir həyat yaşamaqdan asılıdır, bundan heç şübhən olmasın.
Brahman yaşayarkən özünə digər insanlardan daha çox diqqət yetirməlidir. Yaxşı
yaşasa ona zərər dəyməz, pis yaşasa onda özü məhv olar. Savadlı insanlar
ehtiraslarına boyun əyərlərsə əslində onlar axmaqdırlar. Müdrik insan vəzifəsini
yerinə yetirən insandır. Alçaq insan Dörd Vedanı bilsə də, bir Şudradan daha
pisdir. Ancaq atəşə qurban vermə mərasimi keçirilən zaman hisslərinə hakim
olmağı bacaran insan Brahman hesab edilə bilər.”
3-ci dastan
isə – Harivamşadır. Bu dastan bir ölümlü halına gələn tanrı Vishnunun Krishna
adıyla doğumundan ölümünə qədər olan hadisələri əhatə edir. Bu dastan ədəbiyyat və
dinlərin tarixi baxımından çox əhəmiyyətli sayılır.

Yorumlar
Yorum Gönder