Əşi, heç nə olmaz !

   Bugünkü məqaləm etibarnamə ilə bağlıdır. Hüquqla əlaqədar məqalələrimdən ilkinin mövzusu niyə məhz etibarnamə oldu? Blogu açmadan əvvəl düşünürdüm ki, hüquq mövzulu məqalələrimə beynəlxalq hüquq, cinayət hüququ və ya dövlət hüququ sahəsində yazmaqla başlayaram. Ancaq sonradan fikrimi dəyişib mülki hüquq sahəsilə başladım. Çünki bu günlərdə hamı üçün problemə çevrilmiş etibarnamə barədə çox az insanın məlumatı var. Vətəndaşlar elə bilirlər ki,
etibarnamə alqı-satqı müqaviləsidir və ya onu əvəz edən rəsmi sənəddir. Etibarnamə üçün ödənilən dövlət rüsumunun alqı-satqı müqaviləsinə nisbətən daha az olması da vətəndaşları etibarnamə ilə "almağa" sövq edən amillərdən biridir.

   İlk əvvəl mülkiyyət hüququnun nə olduğunu sizə izah edim. Siz daşınar və ya daşınmaz əmlakı qanuni üsulla alırsınızsa (əldə edirsinizsə) o sizin mülkiyyətiniz olur. Məsələn ev, avtomobil və s. alırsınız. Bunlar sizin mülkiyyətnizdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin III hissəsinə əsasən "Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir." Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən "Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur."
  Deməli, bir əşya sizin mülkiyyətinizdirsə siz onun sahibi olmalısınız, ondan istifadə edə bilməlisiniz və ona sərəncam verə bilməlisiniz. Bu üç hüquq - sahiblik, istifadə və sərəncam hüququ mülkiyyət hüququnun əsasını təşkil edir. Bəs bu hüquqlar nə deməkdir? Mülki Məcəllənin 152.2;152.3;152.4-cü maddələri bu hüquqları izah edir. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Yəqin ki, sahiblik və istifadə hüququ hamıya aydındır. Sərəncam hüququ dedikdə, məsələn: əmlakı (əşyanı) satmaq, bağışlamaq və s. başa düşülür.
   Gələk etibarnamə məsələsinə. Etibarnamə əgər alqı-satqı müqaviləsini əvəz etsəydi, yəni əşyanın sizə aid olduğunu təsdiqləyən sənəd olsaydı, onda sizə mülkiyyət hüququ verərdi. Gəlin baxaq, etibarnamə mülkiyyət hüququ verirmi? Mülki Məcəlləmizin 152.8-ci maddəsinə əsasən "Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir." Yəni, etibarnamə ilə sizə əmlak (əşya) "satılırsa" sizin ona istifadə və sərəncam hüququnuz yaranır, sahiblik hüququnuz yox! Qisaca, (əmlak) əşya sizin idarəçiliyinizə verilir, sizə yox!
   Mülki Məcəlləmizin 362.1-ci maddəsində deyilir: "Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır." Həmin Məcəllənin 363-cü maddəsində nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin bir ildən artıq müddətə verilə bilmədiyi, digər növ etibarnamələrin istənilən müddətə verilə bildiyi, əgər etibarnamədə müddət göstərilməyibsə, onun bağlandığı gündən bir il ərzində qüvvəsini saxladığı qeyd olunur. 
 
   Mən hansısa tanışıma deyirəm: Etibarnamə ilə əşya "alma" !
O isə mənə cavab verir: Əşi, nə olacaq?
Sizə nə ola biləcəyini deyim: Mülki Məcəlləmizin 365-ci maddəsinə görə etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:
- etibarnamənin müddətinin bitməsi;
- etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;
- etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;
- etibarnamə verilmiş şəxsin imtinası;
- adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
- adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
- etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;
- etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.

   Qısaca, sizə etibarnamə vermiş şəxs istədiyi vaxt sizə verdiyi əşyanı sizin əlinizdən ala bilər. İndi deyəcəksiniz ki, elə şey olar? Biz razılaşmışıq. Mən də cavab verirəm: bu barədə siz razılığa gələ bilməzsiniz. Mülki Məcəllənin 365.2-ci maddəsində deyilir: "Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir."

Yorumlar