Nəfəs kəsən kitab

  Dünən gecə həmişəki kimi internetdə gəzişir, bir yandan da yeni məqaləm üçün mövzu düşünürdüm. Bir az düşünüb blogdakı 5-ci məqaləmi oxuduğum bədii kitablardan biri haqqında yazmağa qərar verdim. Son zamanlar oxuduğum bir neçə kitabın adını internetdə axtardım və aydın oldu ki, nəinki bu kitab, hətta bu kitabın müəllifi haqqında belə bizim dilimizdə demək olar ki məlumat yoxdur. Söhbət Avstraliyalı yazıçı Qreqori David Robertsin (Gregory David Roberts) Şantaram (Shantaram) adlı kitabından gedir. İlk öncə sizə müəllif haqqında məlumat verim:
   Qreqori David Roberts 21 iyun 1952-ci ildə Avstraliyanın ikinci ən böyük şəhəri olan Melburnda (Melbourne) anadan olub. O, boşanıb valideynlik hüququnu itirdikdən sonra eroin aludəçisinə çevrilir. Sonra isə bank soyğunçuluğuna qarışır. Roberts 1980-ci ildə Pentridge həbsxanasından qaçır və 10 il boyunca Hindistanın Mumbay şəhərində yaşayır. Orada gecəqondu sakinləri üçün pulsuz klinika işlədir və Mumbay mafiyası üçün saxta sənəd hazırlayır. Həmçinin silah qaçaqçılığı da edir. 1990-cı ildə Frankfurtda ölkəyə qaçaq eroin gətirərkən tutulur və Avstraliyaya göndərilir. Orada iki ili tək kamerada olmaqla 6 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilir. Robertsin sözlərinə görə, o, təkrar həbsxanadan qaçır, lakin geri dönüb təslim olur. Çünki, yenidən öz ailəsinin yanına geri qayıda bilməsinin tək yolu cəzasını çəkməsi idi. Həbsxanada qaldığı ikinci dövrdə "Şantaram"ı yazmağa başlayır. Kitab yazıldığı ərəfədə iki dəfə həbsxana nəzarətçiləri tərəfindən məhv edilir. Cəzasını çəkib qurtardıqdan sonra nəhayət, kitabı yekunlaşdırıb nəşr etdirir. Romanına Şantaram adını qoyur. Bu ad Robertsə Mumbaydakı ən yaxın dostunun anası tərəfindən verilmişdi. Mənası "Sülh adamı", "Tanrıların sülh adamı" deməkdir.
   Kitab haqqında isə onu qeyd edim ki, son illər oxuduğum ən marqlı, ən axıcı, "insanı uzaqlara aparan" romanlardan biridir. Kitab avtobioqrafiya tipində yazılıb. Amma bəzi əhvalatlar mənə həqiqətdən kənar görünür. Təbii ki, bu mənim şəxsi fikrimdir. Kitab haqqında Pat Conroy'un bu sözlərini sizlərlə paylaşım: "Bir nəfər məndən bu kitabın nə ilə əlaqəli olduğunu soruşsa, ona dünyadakı hər şeylə əlaqəli olduğunu deyərdim." Romanın ilk cümləsi isə belədir: "Eşq, tale və etdiyimiz seçimlər haqqında bildiklərimi öyrənməyim çox uzun çəkdi, dünyanın çox yerini gəzməli oldum, amma hamısının mənasını bir anda, bir divara zəncirlənmiş halda işgəncə görərkən dərk etməyə başladım." Göründüyü kimi kitab elə ilk cümlədən insanı cəlb edir. Bu romanı mənə Qazaxıstanda yaşayan xalaqızım tövsiyə etmişdi. Həmin vaxt Bakıda ancaq kitabın rus və ingilis dillərində tərcüməsi var idi. Bizim dilimizdə tərcüməsi ümumiyyətlə yoxdur. Ankarada yaşayan dostum kitabın Türkiyə türkcəsində olan tərcüməsini oradan tapıb mənə göndərdi. Mən romanı mənə doğma olan bu dildə oxudum. İndi Bakıdakı kitab mağazalarında kitabın Türkiyə türkçəsində olan tərcüməsi mövcuddur. Kitabın 842 səhifə olmağı heç gözünüzü qorxutmasın. Oxuyub sonlara çatdığınız zaman bitməsini heç istəməyəcəksiniz belə. Bu kitab elə bir kitabdır ki, oxuyub bitirdikdən sonra "kaş yadımdan çıxardı, bir də ilk günkü kimi oxuyardım" deyəcəksiniz. Belə iddialı deyirəm, çünki kitab məndə o təəssüratı yarada bilmişdi.
   Şantaramı kitab mağazalarından ingilis (26.60 AZN), Türkiyə türkcəsi (28.70 AZN)rus (16.40 AZN) dillərində alıb oxuya bilərsiniz.

Yorumlar

  1. Pdf formatında yoxdu yəqin ki

    YanıtlaSil
    Yanıtlar
    1. https://www.kitabyurdu.org/kitab/dunya-edebiyyati/785-gregori-devid-roberts-shantaram.html

      Sil

Yorum Gönder