İntihar edən şəxs öz başına 4 güllə sıxır?

Behbud ağa Şahtaxtinski



Blogda bugünkü məqaləmi Naxçıvan xalqının çox şey borclu olduğu şəxsə - Behbud ağa Şahtaxtinskiyə həsr etmişəm. Gəlin birlikdə 1920-1924-cü illərə səfər edək...

   1920-ci ilin aprelində Azərbaycan Xalq Cumhuriyyəti süqut edir, Azərbaycan bolşeviklər tərəfindən ələ keçirilir. N.Nərimanov hökumətində Behbud ağa Şahtaxtinski ədliyyə naziri postunu tutur, eyni zamanda Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri olur. Lakin bolşevik ruhu onun daxilindəki vətənpərvərliyi, Vətəninə və xalqına məhəbbəti boğa bilmir.
   1920-ci ilin noyabr ayında Zəngəzuru ələ keçirən erməni hökuməti diqqətini Naxçıvan və Qarabağa yönəldir. 1920-ci ilin dekabrında Naxçıvanın Ermənistana verilməsi məsələsi Moskvada, demək olar ki, həll edilir. Belə olan təqdirdə, Şahtaxtinski ağlasığmaz və fədakar addım atmaq qərarına gəlir:
O, Naxçıvanda xalqa müraciət edir, Azərbaycan Sovet hökümətinin onları torpaqları ilə birlikdə Ermənistana satdığını, özünün bu qərarın əleyhinə olduğunu, bu qərarın icrası həvalə olunmuş XI Qızıl Ordunun Naxçıvandakı Fövqaladə və Səlahiyyətli nümayəndəsi Bahadur Vəlibəyovu vəzifədən azad etdiyini deyir. Moskva və Bakıdan razılıq alınmadan, məhz onun qərarı ilə Naxçıvanda ümumxalq referendumu keçirilir və regionun əhalisi Azərbaycanın tərkibində qalmağa səs verir.
   B.Şahtaxtinski Moskva və Qars müqavilələrinin hazırlanması işlərinə cəlb edilir, hətta Qars müqaviləsini Azərbaycan SSR adından imzalayır. Lakin bunlar ona həyatı bahasına başa gəlir. Onun Ermənistana Naxçıvanın "itirilməsinə" səbəb olan "özbaşınalığı" Moskvanın yadından çıxmır. Həmin vaxt Sovet rəhbərləri çətin vəziyyətdə qaldıqlarından Nəriman Nərimanov, Behbud ağa Şahtaxtinski və başqa milli düşüncəli kommunistlərə qarşı sərt mövqe nümayiş etdirməmişdi. Az sonra, yəni mövqelərini möhkəmlətdikdən sonra Azərbaycanın milli yönlü kommunistlərinə qarşı açıq və gizli təqiblər başlayır. 1923-cü ildə Şahtaxtinski Azərbaycan hökumət başçısının birinci müavini vəzifəsindən azad olunur və o qədər də vacib olmayan posta təyinat alır. Söhbət Tiflisdəki Zaqafqaziya Ali Arbitraj Komissiyasının üzvlüyündən gedir. Uzun təqib və təzyiqlərdən sonra Behbud ağa Şahtaxtinskinin 1924-cü ilin may ayının 30-da Tiflisdə günorta çağı evində özünü güllələdiyi xəbəri yayılır. Şahtaxtinskiyə vətəndən kənarda uzun müddət çalışmaq nəsib olmur.
   “Şərqin sabahı” qəzetinin 31 may 1924-cü il tarixli nömrəsində Behbud ağa Şahtaxtinskinin ölümü ilə bağlı yazı dərc olunur. Həmin yazıda ölüm hadisəsi haqqında belə yazılır: “Dünən gündüz saat 3-də Kərpic dalanda, ev № 25 ünvanında öz mənzilində B.Şahtaxtinski özünü odlu silahla vurmuşdur. Şahtaxtinski günorta evə gəldikdən sonra otağına girib qapısını bağlamış və saat 3-də qonşular 4 atəş səsi eşitmişlər. Onlar qapını açıb içəri girdikdə onu çarpayıda yarıçılpaq halda əlində naqan yıxılmış vəziyyətdə görmüşlər. Bütün yataq qana bulaşmışdı. Dörd güllə ilə başına atəş açılmasına baxmayaraq, o, hələ sağ olub. B.Şahtaxtinski dərhal mərkəzi xəstəxanaya çatdırılıb, bir müddətdən sonra keçinib”. Qəzet səhəri gün Şahtaxtinskinin ölümü ilə bağlı nekroloq da dərc edir. Mərhumla vidalaşma mərasimi keçirilmir.
   Ölümün təfərrüatları, təntənəli dəfnin təşkilindən imtina, həmçinin mərhumun vətənində deyil, Tiflisdə torpağa tapşırılması Şahtaxtinskinin intihar etmədiyini, əslində, kimlər tərəfindənsə öldürüldüyünü düşünməyə əsas verir. Məlumatı diqqətlə analiz etdiyimiz zaman həmçinin bir sıra uyğunsuz məqamların da şahidi oluruq. Birinci halda, bir insanın fiziki cəhətdən özünə 4 dəfə atəş açması mümkün deyil. Bundan başqa, Şahtaxtinskinin "intihar" etməsi haqda söylənənlər heç bir məntiqə uyğun gəlmir. Çünki onun, mürəkkəb zamanda - 1921-ci il martın 1-də Leninə məktub yazaraq Zəngəzur, Qarabağ və Naxçıvanın Azərbaycana məxsusluğunu sübut etməyə çalışan, hər cür əziyyətə qatlaşmağı bacaran, iradəli bir insanın ölümə belə asanlıqla təslim olması mümkün görünmür. Bu məsələdə bütün yollar ona qarşı bolşeviklər tərəfindən məqbul bir mübarizə variantı kimi qəbul edilən və Naxçıvan arzuları gözlərində qalmış ermənilərin çox sevdiyi terror aktının mövcudluğuna gətirib çıxarır.




Yorumlar