Hamını şok edən çıxış

   Salam, oxucularım. Siz həqiqətən də varsınız? Yoxsa mən öz-özümə danışıram? Ümid edirəm ki, məndən başqa da kimsə bu blogu oxuyur. Ona görə də siz varmışsınız kimi davranacam. Bugün sizlərlə elə bir mövzu paylaşacam ki, çoxunuzun acığı gələcək məndən. Əsasən də ali təhsilli gənclərimizin. Amma eybi yox, mən buna dözə bilərəm.
   Gələk mövzuya... Hamımız böyüyüb məktəb yaşına çatanda hər bir azərbaycanlı ailə övladına bu nəsihəti edir: " Bala, yaxşı oxu, universtetə qəbul ol, diplomun olsun ki iş tapasan, yaxşı maaş alasan. Bax oxumasan ömür boyu əziyyət çəkəcəksən ha! " Mən əminəm ki, bu 95% azərbaycanlı ailədə belədir. Bəs biz nə edirik? İçimizdən kimsə bu sualı verir ki, bəs oxumasaq varlı həyat keçirə bilmərik? Düzü, mən bu sualı verməmişdim. Və bilirəm ki, çoxu da vermir. Amma mənim Sumqayıtda yaşayan xalaqızımın balaca oğlu bu sualı verib. Həm də elə bir formada verib ki... ☺
   Bir gün xalaqızımla havadan-sudan söhbət edirdik. Balaca oğlu birinci sinfə gedən ərəfə idi. Soruşdum ki, xalaqızı, Ülvi məktəbə başlayıb? Təbrik edirəm, dərsləri, qiymətləri necədir? O, cavab verdi ki, Orxan düzü normaldı, 4-5 alır. Amma məni qane etmir. Mən də dedim ki, qiymətə görə uşağı incitmə. Dedi: "Nə incitmək? Keçən dəfə elə sual verdi ki, artıq 3 qiyməti də alanda heç nə deyə bilmirəm." Mən çox təəccübləndim. Dedim: "Nə deyib ki elə?" Xalaqızım başladı əhvalatı danışmağa: 
   Keçən dəfə Ülvinin əlindən yapışmışam, dərsdən evə qayıdırıq. 4 aldığı üçün hirslənmişəm. Oxumasan universitetə qəbul olmayacaqsan, elə olacaq, belə olacaq. Bir sözlə uşağı o ki var danlayıram. Sona qədər məni dinlədi. Elə ki əsəbim soyudu, başladı mənə sual verməyə. Soruşdu ki, ana, atamın diplomu var? Cavab verdim ki, bəli. O, yenə sual verdi: "Bəs qonşumuz Vüqar əminin necə, diplomu var?" Cavab verdim ki, xeyr, yoxdur. O soruşdu ki, bəs onun böyük "Prado" maşını var, atamın niyə yoxdur? Mən donub qaldım. Uşağa cavab verə bilmədim. Həqiqətən də Vüqarın böyük bir biznesi, maşını, dəblə təmir olunmuş mənzili və s. var idi. O gündən bəri uşağa dərslərdən aldığı aşağı qiymətə görə heç nə deyə bilmirəm.
   Gələk bu mövzudakı əsas problemimizə. Biz düz edib uşaqlara bu məsləhəti veririk? Məncə yox. Yanlış anlamayın məni. Mən ali təhsil almağa qarşı deyiləm. Sadəcə insanları istədiyimiz kimi yönləndirməyə haqqımızın olmadığını düşünürəm. Öz uşaqlarımızı belə. Bunun yerinə uşağa hər şeyi izah edib, özünün seçim etməsinə niyə icazə verməyək? Niyə onun seçiminə hörmət göstərməyək?
   ABŞ universitetlərində belə bir adət var. Hər il universitet məzuniyyət tədbirinə məzunların qarşısında çıxış etmək üçün öz sahəsi üzrə lider olan bir biznesmeni dəvət edir. Yel Universiteti də 2000-ci il məzunları üçün Oracle şirkətinin qurucusu, CEO-su (baş icraçı direktor) Larry Ellisonu dəvət edir. Ellison bu tədbirdə hamını şok edən bir çıxış edir. Bu çıxışdan bir parçanı sizlərlə bölüşüm:
   "Yel Universiteti məzunları, əvvəla belə bir çıxış görmədiyiniz üçün sizdən üzr istəyirəm. İndi zəhmət olmasa, ətrafınıza baxın. Solunuzdakı yoldaşınıza baxın, sonra sağınızdakı yoldaşınıza baxın. Və indi bunu beyninizə yeridin ki, bundan 5 il sonra, 10 il sonra, hətta 30 il sonra solunuzdakı adam heç bir uğur qazana bilməyəcək. Sağınızdakı adam da eynilə elə. Və sən, ortadakı? Nə baxırsan? Sən də uğur qazana bilməyəcəksən. Bugün ətrafıma baxdıqda parlaq gələcək üçün yüzlərlə ümid işığını görə bilmirəm. Sənayedə liderliyi ələ ala biləcək yüzlərlə insanı görə bilmirəm. Görə bildiyim tək şey gələcəkdə müvəffəqiyyətsiz olmuş yüzlərlə insandan başqa heç nə deyil. Mənə əsəbləşdiniz. Bu normaldı. Mən, Larry Ellison universiteti bitirə bilməmişəm. Kiməm ki, sizə belə şeylər deyə bilirəm? Bu səlahiyyəti haradan aldığımı deyim: Çünki mən, qəbul olduğum universiteti bitirə bilməsəm də dünyanın ən varlı 2-ci adamıyam. Siz deyilsiniz. Bill Gates. O da universiteti bitirə bilməyib və hələlik dünyanın ən varı adamıdır. Siz deyilsiniz. Başqa nümunələr də var. Məsələn, Paul Allen, Michael Dell. Amma siz hələ də o siyahıda yoxsunuz. Hə, indi siz daha da əsəbiləşdiniz. Bunu başa düşmək olar. Bəlkə də bu an sizə bir çıxış yolu göstərməyin tam vaxtıdır. Yox. 2000-ci il məzunları. Sizə yox. Siz artıq itirmisiniz. Sizi ildə 200 min dollarlıq gülməli maaş çeklərinizlə baş-başa buraxıram. Həmçinin, o maaş çekinin üstünü orta məktəb bitirmiş birinin imzalayacağını deyərək. Nəsihətlərim sizə deyil, sizdən daha aşağı qruplarda oxuyanlaradır. Tez qaçın, buranı tərk edin. Hər şeyə yenidən başlayın. 2000-ci il məzunları, sizə deyə biləcəyim tək şey əyninizdə olan məzuniyyət paltarının sizi eynilə bu təhlükəsizlik əməkdaşlarının məni kürsüdən aşağı çəkdiyi kimi aşağı çəkdiyidir."
   Larry Ellisonun çıxışını oxuduqdan sonra istəyirəm ki, özünüzə sual verəsiniz. Siz bir işi ən yaxşı işləyənmi olmaq istəyirsiniz, yoxsa o işi qurub orda işləməkləri üçün ən yaxşı işçiləri işə götürənmi?

Yorumlar

Yorum Gönder